Azərbaycan əhalisi daha bir işğal tarixini, Füzuli və Cəbrayıl rayonlarının itirilməsi gününü andı. Amma nə qədər ağır və acı olsa da, biz işğalın səbəblərini bilməliyik ki, 2-ci Qarabağ müharibəsi zamanı bu səhfləri təkrarlamayaq. Тorpaqlarımız işğal edilən zamansa əhalinin, silahlı qüvvələrimizin şəxsi heyətini bir xof sarımışdı ki, bununla müharibə aparmaq qeyri-mümkün idi. 


Füzuli və Cəbrayıl rayonlarının işğalından və həmin ərazilərdə baş verən hadisələrin üzərindən 18 il keçəndən sonra soyuq başla düşünəndə, aydın olur ki, əslində biz bu rayonları döyüşərək itirməmişik, sadəcə tərk etmişik. Füzuli rayonunun işğalı ərəfəsində ANS-in çəkiliş qrupu həmin rayona yollanıb və orada baş verənləri lentə ala bilib. Füzuli sakinləri deyirmiş ki, hərbçilər gedir, amma erməni də yoxdur: «Ayrı heç nə yoxdur. Bizi heç kim qovmur. Özümüz çıxırıq, çünki burada Azərbaycan ordusu yoxdur».

Daha sonra ANS TV-nin xüsusi müxbiri Vahid Mustafayev kiçik bir hərbi dəstə ilə Füzuli rayonunun mərkəzinə yollanır. Və sakinlərin dediyi kimi boş şəhərlə rastlaşır. Şəhəri qoruyan yoxdur, yəni nə Azərbaycan ordusunun hərbçiləri, nə də ki erməni silahlı birləşmələri gözə dəyməyib. «Bu şayiələrin sonuna çatmaq üçün ANS-in çəkiliş qrupu Fizuli şəhərinə yollanıb. Və biz hazırda Füzulidəyik və gördüyünüz kimi Füzuli hələ də Azərbaycanın əlindədir»,- deyə ANS TV-nin xüsusi müxbiri Vahid Mustafayev həmin anlarda hadisənin gerçəkliyini kameraya bildirmişdi.

Beləliklə, məlum olmuşdu ki, Füzuli rayonunun mərkəzi 2 gündən də artıq boş qalıb. Erməni silahlı qüvvələri, bunun bir tələnin və hərbi əməliyyatın bir hissəsi olmasından ehtiyatlanaraq, rayona daxil olmaqdan çəkiniblər. Azərbaycanlılar isə həmin rayonun artıq işğal olunduğunu hesab ediblər. Bu səbəbdən də separatçı qüvvələr 2 gün keçdikdən sonra rayon mərkəzinə daxil olaraq, onu işğal etdiklərini bəyan edib.

Ekspertlərin fikrincə, azərbaycanlıların döyüş zamanı rayonları qoyub qaçmasının əsas səbəbi Xocalı soyqırımı olub. Belə ki, Xocalı soyqırımı qabaqcadan planlaşdırmış irimiqyaslı hərbi əməliyyatın bir parçası, 1-ci Qarabağ müharibəsində ermənilərin işğalçılıq siyasətinin əsas psixoloji təzyiq mərhələsi idi. Xocalıda ahılların, körpələrin, qadınların, bütövlükdə dinc əhalinin ağlasığmaz işgəngələrlə öldürülməsi də buna xidmət edirdi. Xocalı faciəsindən sonra insanlarda yaranan psixoloji ruh düşgünlüyü və qorxu Qarabağda müqavimətin zəifləməsinə, cəbhə xəttində geriləmələrə gətirib çıxardı. Nəticə isə özünü Xocalının ardınca itirilən rayon və şəhərlərdə göstərdi.

Biz gələcəyə baxaraq, gənclər arasında bu cür xofun aradan qaldırılmasına çalışmalıyıq ki, 2-ci Qarabağ savaşından üzü ağ və qəhramancasına çıxaq.