Allah Quranın bir çox ayəsində qeybi, yəni görünməyəni, bilinməyəni, şahid olunmayanı bilənin yalnız Özü olduğunu bildirir: De: “Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən Allah (qeybi və müşahidə edilə biləni bilən Allahım)! Bəndələrin arasında ixtilafda olduqları (məsələlər) barəsində Sən hökm edəcəksən!” (Zumər Surəsi, 46) Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Bu halda səbr et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir! (Hud Surəsi, 49) Allah Peyğəmbərimizə (səv) hələ yaşanmamış bəzi hadisələrdən də xəbərlər vermişdir ki, bunlar gələcəyə dair qeyb xəbərləridir. Məsələn, Məkkənin fəthi (Fəth Surəsi, 27) və Rumun bütpərəstlərə qarşı qalibiyyəti (Rum Surəsi, 3-4), bu hadisələr hələ yaşanmadan əvvəl Peyğəmbərimizə (səv) bildirilmişdir. Peyğəmbərimizin (səv) qiyamət əlamətləri, axır zaman kimi mövzulardakı hədisləri də, o dövr bütün insanlar üçün qeyb olan bu məlumatları Allahın ona öyrətdiyini göstərir. Nəticə olaraq, bizim keçmiş və gələcək kimi adlandırdığımız hadisə və məlumatların hamısı, Allah qatında gizli saxlanılan qeyb xəbərləridir. Allah istədiyi zaman istədiyi insanın yaddaşına bu xəbərlərdən bəzilərini verərək, qeybin bir qismini bilinən hala gətirir. Beləliklə, müşahidə edilə bilən, yəni görülə bilən, şahid olunmuş hala gələn bu hadisələr, insanlar tərəfindən keçmiş olaraq xarakterizə edilir.