İnternet istifadəçiləri Skype rabitə şirkətinin xidmətlərindən geniş istifadə edirlər. Bu həm sərfəli, həm də praktikdir. Bugünkü yazıda Skype şirkətinin yeni texnologiyalarından deyil, subyektiv mövqeyindən məlumat verəcəyik. Xəbər bizim üçün xoşagəlməz olsa da, onu sizinlə bölüşməliyik.

Belə ki, internet kommunikasiyası məkanında ən tanınmış şirkətlərdən sayılan Skype Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi təqdim etməkdə davam edir. Polşanın “Biuletyn Informacyjny Studium (BIS)” saytı bildirir ki, Qarabağ ödənişli zənglərin siyahısında Ermənistanın tarifi ilə qeyd olunub. Məsələn: “Ermənistan – Yerevan” – 12.1 sent, “Ermənistan – Mobil” – 23 sent, “Ermənistan – Dağlıq Qarabağ” – 26.2 sent.

Eyni mənbənin məlumatına görə, Ermənistan operatorları yalnız bu ölkənin ərazisində fəaliyyət göstərirlər və Dağlıq Qarabağda rouminq xidmətindən istifadə etməli olurlar. Belə ki, Dağlıq Qarabağın “Karabagh Telecom” adlı öz operatoru var.

“Biuletyn Informacyjny Studium (BIS)” qəzeti onu da bildirir ki, Skype Qarabağı Ermənistanın ərazisi kimi təqdim edən yeganə şirkət deyil və bu hal adıçəkilən ərazilərin beynəlxalq rabitə zamanı eyni prefiksdən ( 374 kodu ilə) istifadə etmələri ilə əlaqədardır.

Onu da xatırladaq ki, Abxaziya və Cənubi Osetiya Rusiya ilə eyni prefiksdən istifadə etsələr də ( 7 kodu ilə), hər bir halda Gürcüstan ərazisi kimi göstərilirlər.