Hərdən oturub özüm-özümə
Mən o gecəni xatırlayıram,
Gözün gözümə, dizin dizimə
Bir də musiqi – sakit, aram.

O uzaq gecə başlanan payız
Hələ nə qədər davam edəcək.
Yağışlı gecə, həyacanlı qız
Hardan gəlmişdi, hara gedəcək…

Payız ömürdən uzun sürəcək –
Payız nəğməsi, payız sevgisi.
Yellədi bizi qəmli yelləncək,
Uçurdu bizi, qaçırdı bizi.

Payız sevgisi gəldi gizlicə,
Gizlicə getdi, gəldiyi kimi.
Mən elə bildim bitməz o gecə,
Hər şey olmayır bildiyin kimi.

Yelləncək uçar boş-boşuna,
Həyat dayanar, yelləncək uçar…
Baxmaz küləyə, baxmaz yağışa –
Sən orda naçar, mən burda naçar.

Payızda gəlməz bir daha sevgi,
Həmin gecə də uzaq bir yuxu.
Həmin gecəylə getdi mənimki,
Bir ümid qaldı, bir də bu qorxu.