“Hesablamalara görə, 2050-ci ilə qədər Ermənistan əhalisi 2,5 milyona kimi azalacaq”
Bu rəy BMT Əhali Fondunun illik hesabatında açıqlanılb. 

Dünya Əhali Gününə həsr edilmiş bu hesabatda bir çox dünya ölkələrində əhali artımı proqnozlaşdırılıb. Hesabat müəllifləri Ermənistanda əks-tendensiyanın müşahidə ediləcəyi qənaətinə gəliblər. Hazırda Ermənistan əhalisi 3 milyondan bir qədər artıqdır. BMT ekspertlərinin sorğusuna əsasən rəyi soruşulmuş 1139 erməni ailəsinin 68,3%-i dünyaya yeni uşaq gətirməyi planlaşdırmır. Rəyi soruşulanlanların cəmi 16%-i daha bir övlad arzusundadır. Yerdə qalanlar isə bu suala cavab verməkdə çətinlik çəkiblər.

Erməni ailələrinin dünyaya daha bir uşaq gətirmək istəməməsi ölkədə çətin sosial-iqtisadi durum, habelə erməni qadınlarının son vaxtlar karyeranı ailədən üstün tutmaları ilə bağlıdır. BMT-nin İrəvan ofisinin eksperti Ruben Yeqanyan bildirib ki, hazırda demografik inkişaf dinamikası Ermənistanın xeyirinə deyil, qonşu ölkələrdə isə tam fərqli mənzərə müşahidə edilir.

BMT Əhali Fondunun Azərbaycana aid bölməsində isə son illər ölkədə əhali artımının müşahidə edildiyinə diqqət çəkilib. BMT bildirir ki, 2005-ci ildən başlayaraq hər il Azərbaycan əhalisi orta hesabla 1,2% artır. Bildirildiyinə görə, Azərbaycanda son illər yoxsulluğun azaldılması və səhiyyə xidmətlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir.