Jüstinin ətri

Məşhur yazıçı və casus Lourens Darrelin “Jüstin” romanı Avropa ziyalılarının Misirdə, İskəndəriyyə şəhərindəki əsəb, iztirab və yaradıcılıq dolu həyatlarını danışır. Amma biz ziyalı işinə baxmırıq. Romanda mövzumuzla bağlı diqqətiçəkən bir məqam var. Əsərin qəhrəmanı vurulduğu ərli qadına, İskəndəriyyədə öz hoqqaları və mürəkkəb xasiyyəti ilə ad çıxarmış Jüstinə ətir almaq istəyir. Məşuq sevgilisinin öz ətrini seçməyə çalışır və dükanda demək olar ki, bütün ətirləri yoxlayır. Axırda, satıcı qadın:

– Mənə qadının adını de, ətrini verim, – deyir.

Məşuq Jüstinin adını çəkəndə, qadın onun qoxuladığı birinci ətri götürüb, alıcısına uzadır:

– Al, – deyir. – Jüstinin ətrini bütün İskəndəriyyə tanıyır…

İylənmiş Paris

Bu gün dünyaya humanist fəlsəfəsi, romantik ədəbiyyatı, zərif kinosu ilə meydan oxuyan əsilzadə Fransa həm də özünün parfümeriya industriyası ilə məşhurdur. Bəli, qədim şərablar, növbənöv pendirlər, inqilabçılar, etirazçılar, yazıçılar diyarı həm də “dünyanın ən ətirli ölkəsi” adını fəxrlə daşıyır. İlk baxışdan həsəd aparmaq olar, amma alman yazıçısı Patrik Züzskindin “Ətriyyatçı” romanını oxumaq kifayətdir ki, bu həsəd hissi alt-üst olsun.

Romanın ilk səhifələrində Paris küçələrini ən canlı ifadələrlə təsvir edən Züskind, Fransada ətriyyat sənətinin qəfil və uğurla çiçəklənməsini belə izah edir: dünyadakı ən gözəl, ən qalıcı qoxular, ətirlər ona görə yarandı ki, həmin vaxtlar Parisdən çox pis iy gəlirdi!

Bəli, tarixdə az qala əfsanə kimi qalmış məşhur Versal sarayında kraldan tutmuş ən xırda əyanlara, Paris küçələrindəki xırda dükan sahiblərindən tutmuş, qəlyanaltıxanalarda balıq təmizləyən qadınlara qədər, insanlar həftələrlə, hərdən aylarla çimmirdilər. Bütün Parisi gölməçələrdə həftələrlə qalan suyun lehmə iyi, ərzaq tullantılarının çürüntü qoxusu, kanalizasiya sularının üfunəti və nəhayət, həftələrlə yuyunmayan insanların turşumuş tərinin iyi bürümüşdü.

Və Fransanın belə “iylənmiş” vaxtında bəşəriyyətin ən zərif tapıntısı olan ətriyyat sənətinin burada çiçəklənməsindən daha təbii heç nə ola bilməzdi.

Kleopatranın resepti

Bu o vaxtlar baş verdi ki, dünyada ətriyyat, ətir deyilən şeylər artıq var idi və qalırdı indi onun ilkin reseptlərinin üstündə işləyib, bu sənəti inkişaf etdirmək. Bəs, ətrin tarixi hara gedib çıxır? Həə, bu çox qəliz və qədim məsələdir. Hələ fironların ölkəsi qədim Misirdə məbədlərdəki kahinlər çoxsaylı tanrılarının bütləri qarşısında ətirli çubuqlar, otlar yandırır, məbədləri gözəl qoxulara bürüyürdülər. Üstəlik, qədim Misirin məşhur qadınları Kleopartra və Nefertiti də xoş qoxular əldə etməyin sirlərini bilir və öz əlləri ilə bir neçə ətirli məlhəm düzəldə bilirdilər.

Qədim Misir ərazisindən tapılan yazılarda bir neçə ətirli yağ resepti də tapıldığını deyirlər. Resept kifayət qədər sadədir – bir neçə ətirli bitkini əzir, qurudur, alınan tozu şərab və balla qarışdırırdlar.
Bu o vaxtlar idi ki, ətriyyat sənəti hələ distillə prosesindən xəbərsiz idi. Buna görə də güllərin, meyvələrin ətrini sormaq, hopdurmaq üçün ətir hazırlayanlar adətən bitki və ya heyvan yağlarından istifadə edirdilər. Bu nadir məcunu saxlamaq üçün isə heyvan fiqurlu xırda saxsı qablardan itifadə edirdilər. Üzərində çiçək və digər gözəl şəkillər çəkilmiş şüşə ətir qabları, xırda cürdəklər isə sonradan yarandı. Bu hələ o vaxtlar idi ki, ətir vurmaq zadəgan, hökmdar sinfə məxsus bir şıqlıq hesab olunurdu. Və…ətir sevgi oyunlarından başı çıxan qadınların sevimli bəzək detalı sayılırdı.

Ətirli yunan tanrıları

Misirlilərdən fərqli olaraq, qədim yunanlar ətirə daha sadə və daha əlçatan nəsnə kimi yanaşırdılar. Ətir işinə çoxlu yenilklər gətirən, qoxuların, üsulların sayını artıran yunanlar üçün ətir gündəlik vasitəydi. Yeməkdən əvvəl, yeməkdən sonra, vanna qəbulu vaxtı bədəni ətirli yağlarla ovmaq həm gigiyena, həm də həzz almaq məqsədilə həyata keçirilən ayin idi.

Şərqin və yunan dünyasının təsirinə düşən romalılar da elə o vaxtlar ətriyyat sənətində öz sözlərini deməyə tələsirdilər. Yuli Sezarın ölkəyə ətir məmulatlarının giriş-çıxışını məhdudlaşdırmasına baxmayaraq, dini və dəfn ayinlərində mütləq ətirlərdən istifadə edirdilər. Romalılar həm də ətir sənətini təbabətlə doğmalaşdıran xalq kimi tarixə düşdülər.

İslam dünyası və ətir

Qərbdə xristianlığın vüsət almağı ilə burada ətir sənətinin çiçəklənməyi müvəqqəti olaraq süquta uğradı. Ərəblər isə, əksinə, bu sənətin gözünə ədviyyat alverini də qarışdırdılar və distillə prosesində yenilklərə nal oldular. Məhəmməd peyğəmbərin (s.) dünyada ən çox qadınları, uşaqları və ətirləri sevdiyini deməyi isə İslam dünyasında bu gözəl nemətin sevilib yayılmasını təmin elədi.

Şərq – ətrin klassik dünyası

Roma imperiyasının süqutundan, barbarların yürüşündən və saysız-hesabsız müharibələrdən cana gəlmiş Qərb elə hüzünlü dövrünü yaşayırdı ki, onun ətirlik halı qalmamışdı. Ətrin Qərbdə təzədən çiçəklənməsi isə 12-ci əsrə təsadüf elədi. Artıq kralların, əyanların, hakimlərin ətrin nə olduğunun ciddi-ciddi fərqinə vardığı zamanlar gəlmişdi. Gözəllər paltarlarına və otaqlarına o qədər ətir çiləyirdilər ki, elə bil hansısa dini ayinlərdə iştirak eləməyə hazırlaşırdılar. Varlı xanımlar ətirli vannalar qəbul eləyir, bədənlərini ətili sabunlarla yuyub, gözəl qoxulu yağlarla ovurdular.

Qısa müddətdə Venesiya parfümeriya paytaxtına çevrildi. Şərqin icadı olan ədviyyatı da mənimsəyən Avropa indi fərqli parfümeriya istehsalına başladı. Bu arada mixək başda olmaqla, ədviyyatı avropaya gətirən adam məşhur səyyah Marko Polo olmuşdu.

Ətirli Saray

XIV əsrin ikinci yarısı sərt qoxulu, qatı maddəyə oxşar ətirlərin dövranı oldu. XVII əsrdə isə parfümeriya sənətinin ən çox çiçəklənən çağı oldu. Bu, artıq işin sırf incəsənət tərəfi idi. “Günəş Kralı”nın sarayındakı əyanların üzü ətirli pudralara, parikləri gözəl qoxulara qərq olmuşdu. Həmin dövrdə ən çox dəbdə olan ətirlər jasmin, tuberoza və qızılgül qoxulu parfümlər idi. Gümüşdən, qızıl və misdən, daşlardan düzəldilmə ətir qabları da elə bu vaxta təsadüf edir. Lüdovikin sarayı isə ətir çağının çiçəklənməsinin şərəfinə “ətirli saray” adını qazanır.

Ətir və Fransa inqilabı – «Gilyotin»!

Fransa inqilabı cəmiyyətin ətirə münasibətini dəyişmədi. İnqilabdan sonra qəddar yumor hissi olan hansısa ətriyyatçı hətta “Gilyotin” adlı ətir istehsal eləmişdi. Napoleonun dövründə də saray əyanları yüksək ətir zövqləri ilə seçiirdilər. Jozefina hələ gəncliyindən sərt qoxulu ətirlərin vurğun idi. Deyilənə görə, Jozefina sərt ədviyyat qoxulu ətirləri elə xoşlayır, otağını belə parfümlərlə o qədər doldururmuş ki, onün ölümündən yetmiş il keçəndən sonra belə, həmin qoxular otaqdan çəkilməyibmiş.

Ətir, Napoleon və Jozefina

Napoleonun özünə gəlincə, o tarixdə ətirə ikili münasibət bəsləyən hökmdar kimi qalıb. Hər dəfə savaşdan qayıdanda Jozefinaya “Jozevina, çimmə, mən tələsirəm, səkkiz gündən sonra yanında olacam!” yazan Napoleon ətir qoxusu olan otaqda nəfəs ala bilmədiyini deyirmiş. Amma yaxın əyanları onun ayda nə az nə çox düz altmış şüşə ətir aldığını iddia edirmişlər. Onun zamanlarında ətir reseptini açıqlayan, kiməsə ötürən adamı ölüm cəzası gözləyirmiş. Deyilənə görə, ətriyatçı Edmond Dübenenin də boynu imperator üçün hazırladığı ətirdən istifadə etməyə arvadına imkan verdiyi üçün vurulub.

Hər şey almanın başındadı

Kralların, imperatorların saraylarında qadınlar təkcə məşhur əriyyatçıların hazırladıqları ətirlərlə kifayətlənmir, təbii profilaktik üsulardan da istifadə edirdilər. Məsələn, birinci Yelizavetanın saayında kı əsil-nəcabətli xanımlar qoltuqlarının altında soyulmuş alma saxlayırdılar. Təbabətə görə, alma tərin xoşagəlməz qoxusunu özünə çəkməklə yanaşı həm də afrodiziak xüsusiyyətinə malikdi.

Müasir ətir sənəti

Ötən əsrin əllinci ilərdə, pürfüm sənəti öz apogeyinə çatdı. Puare, Şanel, Vors, Lanven və Patudan sonra böyük moda evləri Kristian Diorun, Nina Riççinin, Yuber de Jivanşi, Elza Şiaparellinin ətirlərinə meyl elədi. Üstəlik, kişilərin də parfüm ehtirası məhz bu illərdə vüsət aldı. Soyuq, zərif və sitrus qoxular az qala hegemonluq əldə elədi. Qadınların, həmçinin kişilərin əkəsriyyəti cürbəcür ətirləri sınaqdan çıxararaq, birdəfəlik “öz ətirlərini” seçdilər. Və həmin ətri özlərinin üslubuna çevirdilər.

Ətir haqqında maraqlı bir neçə nüans

Təcrübə göstərir ki, qadınların burnunun sağ pəri ətrin qoxusunu daha yaxşı duyur.
Qadınların ətri duyma qabiliyyəti, yəni iybilməsi kişilərdən min qat dha güclüdür.
“Dallas” zooparkının işçilərinin iddia etdiklərinə görə, məşhur kuturye Kelvin Klaynın “Obsession” adlı parfümü nəinki insanları, hətta vəhş heyvanları da cəlb eləyir.
Rusiyada yaşayan Anjela adlı qadın yüz növ ətri qoxusundan tanıya bilir.