Həyat yoldaşım səfərə çıxmalı idi. Mən onu yola salmaq üçün hazırlıq görür, o da səfərqabağı yır-yığış edirdi. Dörd yaşlı oğlumuz isə öz işində idi. Elə hey əl-ayağımıza dolaşır, dəcəlliyindən qalmırdı. Öyüd-nəsihətlərmiz də bir nəticə vermirdi. Nəhayət, həyat yoldaşım dözə bilmədi və ona küncdə dayanmağı tapşırdı. Səssizcə gedib küncdə dayandı. Üz-gözünü turşutmuşdu. Bir azdan oğlum arxaya çevrilib acıqlı bir səslə: “Evdən qaçacağam”-dedi.
Bu söz məni çox təəccübləndirdi, üstəlik, onun bu sözləri məni özümdən çıxardı. Qeyri-ixtiyari olaraq: “Demək belə?”-deyə qışqırdım. Ancaq dönüb ona baxanda mənə o qədər məsum göründü ki, ürəyim parça-parça oldu. Uşaq ikən mən də eyni şeyləri deyir, özümü çox tənha hiss edirdim. Elə bilirdim ki,hamı məndən üz döndərib.Əslində o,bu sözlərlə çox şey demək istəyirdi.Yəni,məni unutmayın,sevin,oxşayın…
Ona yaxınlaşıb: “Yaxşı oğlum,madam ki,evdən qaçmaq istəyirsən,buyur,qaça bilərsən”,-dedim və onun paltarını çantaya yığmağa başladım.Oğlum mənə baxıb təəccüblə: “Ana,sən nə etmək istəyirsən?”-deyə soruşdu.Mən isə ona məhəl qoymur,paltarları ilə bir yerdə öz paltarlarımı da çantaya yığırdım.Paltarları yığıb qurtarandan sonra çantanı qapının ağzına qoydum.Üzümü ona tutub: “De görüm,doğrudan da evdən qaçmaq istəyirsən?”-deyə soruşdum.
-İstəyirəm!Bəs hara gedirsən?
-Mən də səninlə gedəcəyəm.Çünki sənin tək qalmağını istəmirəm.Çünki səni çox sevirəm.
Oğlum boynuma sarıldı:
-Niyə mənimlə getmək istəyirsən?
Gözlərinin içinə baxdım:
-Çünki səni çox sevirəm.Çünki səndən ayrı qalmaq istəmirəm.
-Atam da gələcək?
-Yox,atan qardaşlarınla qalacaq.Biz burada olmayanda onlara baxacaq.
-Pişiyimiz də bizimlə gedəcək?
-Yox,o burda qalsa yaxşıdır.
Bir qədər fikirləşdikdən sonra oğlum:
-Ana,bəlkə elə biz burda qalaq?-deyə dilləndi.
Mən:
-İstəyirsən qalaq-deyə cavab verdim.
O, boynumu bərk-bərk qucaqlayıb həyəcanla:
-Ana, mən səni çox sevirəm!-dedi.
-Mən də səni çox sevirəm, oğlum-dedim və sonra da əlavə etdim:
-Gəl mətbəxə, gedək birlikdə yemək hazırlayaq…
Onu qucağıma götürüb mətbəxə üz tutdum.Çöhrəsi birdən-birə dəyişmişdi.Artıq qollarımın arasındakı bu məsum varlığın məndən nə istədiyini yaxşı bilirdim…