“Bloomberg” agentliyinin fotomüxbiri Diana Markosyan iyunun 28-də Bakı aeroportunda saxlanıb. 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov Markosyanla əlaqə saxlayıb. Onun verdiyi məlumata görə, Markosyan Bakıya iyunun 28-ə keçən gecə gəlib, ancaq hava limanından şəhərə buraxılmayıb: «Markosyan Amerika və Rusiya vətəndaşıdır. Bakıya Rusiya pasportu ilə gəlib. Sənədləri qaydasındadır».

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov isə deyib ki, Markosyanın akkreditasiyası yoxdur: “O sənədlərini göndərib, özünü təqdim edib. Həm “Bloomberg”in rəhbərliyinə, həm Diananın özünə bildirilib ki, onun bura səfəri mümkün olmayacaq, bu akreditasiya alınmayacaq. Ona görə ki, burada onun təhlükəsizliyinin təmin edilməsi məsələsində problemlər yarana bilər. Onun ayrı bir jurnalistlə əvəz olunması təklif olunmuşdu”.

Diana Markosyan “Azadlıq” radiosuna bildirib ki, aeroportda ona axşam saat 20.00-də İstanbula deportasiya ediləcəyini bildiriblər. Diana Markosyanın çəkdiyi fotolar “Nyu-York Tayms”, “Boston Globe”, “Uol Street Journal”, “Vaşinqton Post” kimi qəzetlərdə çap edilib.