Ermənistanda iyunun 25-də nəzərdə tutulan Əliyev – Sərkisyan – Medvedev görüşünün ehtimal olunan nəticələri ətrafında mübahisələr davam edir.

Erməni Milli Konqresin üzvü, Qarabağ müharibəsi zamanı “Sasun” döyüş dəstəsinin komandiri Sasun Mikayelyan bəyan edib ki, “müharibənin yenidən başlanmasını istəmiriksə, daxili siyasi problemlərimizi sahmana salmalıyıq”.

Keçən ayın sonunda amnistiya ilə həbsdən azad edilmiş müxalif Erməni Milli Konqresin üzvü Sasun Mikayelyan Yerevanda təşkil etdiyi mətbuat konfransında deyib ki, gələn həftə Kazanda gözlənilən Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəticəsində hər hansı bir sənəd imzalanacağına şübhələndiyini bildirib.

Mikayelyanın sözlərinə görə, hətta Kazanda tərəflər arasında “daxili qaydada müəyyən məsələlər üzrə” razılıq əldə edilən təqdirdə, bu, bir müddət ictimaiyyətdən gizli saxlanacaq.

Münaqişənin tənzimlənməsi əsnasında ərazilərin qaytarılması məsələsinə gəldikdə, Sasun Mikayelyan dedi ki, Qarabağ müharibəsinin bütün döyüşlərində iştirak edib, və, “təbii ki, bir qarış torpağın belə qaytarılmasına qarşıdır”.

Müharibə veteranı danışıqlar prosesinin hazırkı mərhələsi Ermənistan və Qarabağ üçün müsbət bir şey vəd etmədiyini bildirir. Çünki, onun sözlərinə görə, “Ermənistanın mövcud hakimiyyəti Dağlıq Qarabağa status verilməsinə nail ola bilməyib. Əksinə, bu gün söhbət ərazilərin qaytarılmasından gedir”.

“Biz, Qarabağda referendum keçiriləcəyi ümidilə, bu varianta uyğun hərəkət etsək, Naxçıvanın vəziyyəti ilə üzləşərik – Qarabağı da itirmiş olarıq”, – dedi Sasun Mikayelyan.

Xatırladanda ki, bu gün onun arxadaşı Levon Ter-Petrosyan münaqişənin güzəştli yolla həllinin, ərazilərin qaytarılmasının tərəfdarıdır, Sasum Mikayelyan dedi ki, onun keçdiyi yolu ona bu məsələdə şəxsi rəyə malik olmaq və onu izhar etməyə haqq verir.

Riçard Kirakosyan

Yerevanda fəaliyyət göstərən Regional Tədqiqatlar Mərkəzinin direktoru Riçard Kirakosyan isə hesab edir ki, Kazanda Ermənistan və Azərbaycan prezidentləri “2 mühüm razılıq” əldə edəcəklər.

Kirakosyanın sözlərinə görə, hazırkı məqamda maraqlı olan fakt Bakının, Yerevanın və ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatlarının oxşarlığıdır. “Tərəflər, xüsusilə də, vasitəçilər, Azərbaycanın müharibə başlayacağı ehtimalından narahatdırlar. Onlar Azərbaycanın hərblə hədələmələrini dayandırmaq üçün təzyiq göstərməyə cəhd edəcəklər”, – deyir Riçard Kirakosyan.

Ekspertin sözlərinə görə,Kazan danışıqlarında erməni tərəfi üçün heç nə dəyişməyəcək: “Lakin həmsədrlər güya irəliləyiş əldə edildiyini bəyan edəcəklər.

Hər dəfə belə görüşlərdə 2 mühüm razılıq əldə edilir: birincisi, İlham Əliyevlə Serj Sarkisyan həmişə çay yoxsa qəhvə içmək və, ikincisi, kimin hansı stulda əyləşmək məsələlərində razılığa gəlirlər”, – deyir Riçard Kirakosyan.

Kazan görüşünün nəticələrinin proqnozlaşdırılmasına keçmiş “Qarabağ” komitəsinin üzvü, çoxdan bəri səsi eşidilməyən Aşot Manuçaryan da qatılıb.

Onun ehtimalınca, Kazan sammitində hər hansı bir sənəd imzalana bilər, lakin, sənədin əsaslı və müsbət proseslərə təkan verəcəyi bəyan edilsə də, o, Qarabağ prosesində heç nəyi dəyişməyəcək: “Minsk prosesindən və Madrid prinsiplərindən müsbət bir şey gözləməyə dəyməz”.

Aşot Manuçaryan

Manuçaryanın sözlərinə görə, Minsk prosesi Cənubi Qafqaz bölgəsində fövqaldövlətlərin, xüsusilə, ABŞ-ın maraqlarına xidmət etmə alətidir.

Minsk prosesi başlanmazdan, dövlət səviyyəsində “Qafqaz siyasətini” birinci yeritməyə başlayan, Ermənistan bölgədə müəyyən rol oynayırdısa, hal hazırda başqaların oyun meydançasına çevirilib.

Madrid prinsipləri Ermənistanı və Qarabağı fəlakətə sürükləyir, deyib Aşot Manuçaryan.

Manuçaryan hesab edir ki, “Qarabağ məsələsi ətrafında cərayan edən proseslər hazırkı mərhələdə bizə qarşı yönəlib, ona görə, bizim dayanmağa ixtiyarımız yoxdur”.

Odur ki, Manuçaryanın sözlərinə görə, erməni tərəfi bütün səylərini Ermənistanın dəyişməsinə, öz siyasi təşəbbüslərinin bölgədə sərbəst gerçəkləşdirilməsinə, “erməni diasporasının fantastik potensialından” istifadə edilməsinə yönəltməlidir.

“Biz yeni formada daxilən təşkilatlana bilməsək, dövlətimizin, siyasi elitamızın və siyasi mühitimizin keyfiyyətini dəyişməsək, müstəqil siyasət yeritməyə başlamasaq – bizi fəlakət gözləyir”, – deyir Aşot Manuçaryan.