İmişli sakini Kamal Abbas oğlu Əhmədov ailəsini dolandırmaq arzusu ilə Füzuli rayonunda şəkər çuğunduru əkinçiliyi ilə məşğul olan şəxslərdən biridir. Ancaq iyunun 8-dən 9-na keçən gecə rayona yağan dolu onun bu istəyini ürəyində qoyub. Özünün sözlərinə görə, Örənqala qəsəbəsi əraizisində Şəkər zavodu ilə müqavilə əsasında iki nəfərə 100 hektar sahədə şəkər çuğunduru əkiblər. Lakin bir neçə gün öncə yağan dolu məhsulun 70-80 faizini məhv edib.

“Sığorta şirkətindən gəlib, yoxlayıb, gediblər. Çuğundur sahəsindən başqa dolu əhalinin taxıl sahələrinə, kənd təsərrüfatı məhsulları əkilən sahələrə də böyük ziyan vurub. Biz Fövqəladə Hallar Komissiyasına bu barədə məlumat versək də, hələ heç kim bizimlə maraqlanmayıb”, deyə müraciət edən Kamal Əhmədov vurğulayıb.

Bəli, bu gün Azərbaycan kəndlisinin, təsərrüfatçısının artıq yeni bir qorxusu var. Bu qorxunun adı – doludur. Əgər əvvəllər yağış, sel, çəyirtkə, siçan, müxtəlif növ böcəklər və s. kənd təsərrüfatını böyrü üstə qoyurdusa, indi də həftədə 1-2 dəfə yağan dolu kəndlilərin, həmçinin istehlakçıların cibini dolmağa qoymur. Amma çoxları unudub ki, əslində dolu yağıntısının qarşısını almaq mümkündür. Bu mövzuya aşağıda yenidən qayıdacağıq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi professor Rza Mahmudovaçıqlamasında bildirib ki, may ayında Azərbaycanda dolu düşən günlərin sayı normadan artıq olub. Onun sözlərinə görə, dolu təbiətdə gedən proseslərdən asılıdır və Azərbaycanın dağlıq rayonlarında illik dolu təkrarlanması 5-7 gündür. Yəni bir ildə 5-7 gün dolu düşməsi təkrar edilə bilər. Düzən ərazilərdə isə bu, 1 gün də olmur.

“Ancaq son dövrlərdə müşahidə edilən iqlim dəyişiklikləri, onların regional təsirləri dolunun intensivliyinə, onun ölçülərinə, diametrinə də təsirsiz ötüşməyib. Sadalanan hər amildə artım müşahidə edilib. May ayında respublikanın xüsusilə qərb rayonlarında dolu təkrarlanan günlərin sayı 11 olub. Halbuki bu, normada 5-7 gündür. Hələlik, iyunun birinci ongünlüyüdür və 7 gün dolu müşahidə edilib”, deyə R. Mahmudov qeyd edib.

Dolu düşməsi təbii proses olsa da, son zamanlar artan proses respublika üçün fəsadsız ötüşmür. Əsasən yaz-yay aylarında, kənd təssərüfatı məhsullarının əkin və yığım vaxtında müşahidə edilən bu proses əhaliyə, infrastruktura ciddi ziyan vurur. Məsələn, son günlərdə Şamaxı, Gədəbəy, Tovuz, Füzuli rayonlarına düşən yumurta və ya qoz böyüklüyündə dolu yüzlərlə ev, meyvə ağacları və infrastrukturun ziyan çəkməsinə səbəb olub.

Lakin düşünürük ki, bütün bu fəsadlardan qaçmaq mümkündür. Bunun üçün isə hələ Sovet dövründə geniş istifadə edilən doludağıdan toplardan istifadəni bərpa etmək kifayətdir. Dolunun dağıdılması texnoloji məsələ olsa da, əvəllər doluya qarşı mübarizə dəstələri və vasitələri olub. Məqsəd isə dolu özəyini yaradan buludları dağıtmaqla əhaliyə, kənd təsərrüfatına, infrastruktura dəyən ziyanı minimuma endirmək olub. İndi isə bu doludağıdan topların harada olması və s. barədə məlumat yoxdur. Bircə onu öyrənə bildik ki, hələ 1988-89-cu illərdə ermənilər bu toplar vasitəsilə Azərbaycanın Qazax rayonunda yaşayış məntəqələrini vurublar.

Kənd Təsərrüfatı Nazirliyi nə düşünür?

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik İnstitutunun baş elmi işçisi Elxan Əliyev də açıqlamasında doluya qarşı mübarizənin lazım olduğunu dedi. O bu mübarizənin buludlara xüsusi riogentərin vurulması ilə aparıldığını bildirdi. Bu riogentlər xüsusi toplar, təyyarələr, mərmilər və ya raketlər vasitəsilə vurulur. Riogentlərin içərisində ən çox istifadə edilən bərk karbon turşusu, gümüş yodu və qurğuşun yodunun turşusudur. Bunları buludlara vurur və dolunun qarşısını almağa təsir göstərə bilirlər. Riogentlər buludların soyumuş hissəsinə vurulur və bunun nəticəsində çox sayda kristal özəklər yaranır, iri buzlaşmanın meydana gəlməsinin qarşısı alınır. Buludlarda dolunun xammalını təşkil edən soyumuş buz çox sayda hissəciklərə bölünür. Bu da onların yerə çatana qədər atmosferin isti hissələrində əriyərək yox olmasını təmin edir. Bu, buludlara həm riogentlər, həm də səs dalğası sayəsində təsir edərək onların dağılmasına kömək edir.

E.Əliyevin sözlərinə görə, doludağıdılması texnologiyası ilk dəfə 40-cı illərin sonu 50-ci illərin əvvəllərində Sovet İttifaqı tərəfindən hazırlanıb. İlk sınaqlar isə Gürcüstan, Moldova, Şimali Qafqaz, Orta Asiya və Ukraynada aparılıb. Daha sonra bu üsuldan ABŞ, Fransa, Afrika, Almaniya və İspaniyada da geniş istifadə etməyə başlayıb. Bu üsulun 3 əsas istiqaməti var: yağıntının əldə edilməsi, buludların tamam dağıdılması və dolu yağmasının qarşısının alınması.

Əkinçilik İnstitutunun elmi işçisi də son bir neçə ildə Azərbaycanda yağan dolunun kənd təsərrüfatına həddindən artıq böyük ziyan vurduğunu etiraf edir. Bundan çıxış yolunu isə vaxtında lazımi tədbirlərin görülməsində görür.

“Sovet dövründə Azərbaycanda belə üsullardan istifadə edilsə də, bu gün dolunun qarşısını almaq, bununla da kənd təssərüfatına dəyə biləcək ziyanı aradan qaldırmaq üçün vasitə yoxdur”, deyə E. Əliyev qeyd edib.

Nazirlik rəsmisi güman edir ki, ölkəmizdən belə texnologiyalardan istifadə edilməməsinin bir səbəbi də Azərbaycanın miqyasca kiçik olması, böyük ölkələr qədər imkanının olmamasından irəli gələ bilər.

“Böyük, sivil ölkələrdə dolu ilə mübarizə tədbirləri görülüb. Hər halda bu toplardan bizdə olsa biz ancaq udarıq. Hesablamalarımız göstərir ki, əgər vaxtında lazımi tədbirlər görülsə, Azərbaycan öz əhalisindən 3 dəfə artıq insanı lazım olan kənd təsərrüfatı məhsulları ilə təmin edə bilər. Çox təəssüf ki, biz bəzi tədbirləri vaxtında görmürük”, – deyə Elxan Əliyev vurğulayıb.

Elmi işçi bu mübarizə üsullarının dövlət səviyyəsində həyata keçirilməli olduğunu düşünür. Onun fikrincə, bu məsələni gələcək üçün kənd təsərrüfatına ziyan verən amil kimi ortaya qoymaq və bunu ən zəruri məsələ kimi həll etmək lazımdır.

ETSN: -Doludağıdan top üçün sifarişçi olmalıdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müşahidələr sistemində innovasiya tədbirləri mərkəzinin rəhbəri Seyfulla Kərimov açıqlamasında doludağıdan toplar üçün sifariş verilməli olduğunu deyir. Nazirlik rəsmisi sovet dövründə Azərbaycanın 13 bölgəsində belə top olduğunu vurğuladı. Ancaq Ermənistanala hərbi münaqişə başlayandan sonra doludağıdan toplardan müharibədə istifadə edilib.

Mübarizə üsulların yenidən bərpası ilə bağlı məsələyə isə o, “Mən bunu dəqiq deyə bilmərəm, bunu mən həll etmirəm. Nazirlər Kabineti, nazirlər var. Əvvəllər üzümçülük komitəsi var idi. Azərbaycanda 250 min hektar sahədə üzüm yetişdirilirdi. Komitə bu işin sifarişçisi idi. O, sifariş veriridi və bu iş aparılırdı. İndi üzüm də yoxdur. Sifariş verən olmalıdır”, deyə cavab verdi.

Yenidən üz tutduq Kənd Təsərrüfatı Nazirliyinə. Nazirlik rəsmisi Elxan Əliyev bildirdi ki, əldə etdiyi məlumata görə, nə Kənd Təsərüfatı Nazirliyi, nə də Fövqəladə Hallar Nazirliyi ETSN-ə doludağıdan toplara bağlı sifariş verməyib.

Azərbaycana doludağıdan top gətiriləcək

Azərbaycanın Şamaxı rayonunda doludağıdan toplar gətiriləcək. Bu barədə məlumatı isə açıqlamasında Şamaxı ərazi kənd təsərrüfatı idarəsinin rəisi Nadir Qədirov verib.
Onun sözlərinə görə, bu barədə söhbət var. Ancaq bunu kimin nə vaxt gətirəcəyi bilinmir.

Qeyd edək ki, doludağıdan topun gətirilməsi ilə bağlı məsələyə yenidən qayıdacağıq. Çünki dolunun vurduğu zərər yalnız kəndlilərə deyil, bütün ölkə iqtisadiyyatına, əhalinin cibinə dəymiş ziyandır. Belə ki, meyvə-tərəvəzi vaxtından əvvəl elə ağaclardaca məhv edən bu buz dənələri bazarda qiymətlərin od tutub yanmasına səbəb olur. Nəticədə vaxtında qarşısı alınmayan bir neçə millimetrlik buz dənəsi həm insanın ürəyini, həm də cibini yandırır.