Azərbaycanda aylıq 300-400 manat əmək haqqı sıravi vətəndaşlar üçün normal maaş sayılır. Soyuq aylarda işləyib, yayda istirahət etmək istəyən adi vətəndaşa isə bu maaş heç istirahət haqda fikirləşməyə də yetmir. Çünki bir ay durmadan işləyib heç olmasa, 3 gün normal istirahət etmək istəyənə ən azı 150-200 manat lazımdır.

Bakıda və regionlarda fəaliyyət göstərən bir neçə otel və istirahət mərkəzinə müştəri kimi zəng edib qiymətlərlə maraqlandıq. Dağlıq ərazidə yerləşən Oğuz rayonunun “Saf Təbiət” otelində sadə otağın bir gecəliyi iki nəfər üçün 50 manatdır. Qiymətə səhər yeməyi daxildir. Şəkidəki beş ulduzlu “Şəki Saray Hotel”də iki nəfər üçün bitişik çarpayı olan otaqlar 90 manat, ayrı çarpayı olanlarda isə 100 manatdır. Bundan başqa 250 manatlıq 3 nəfərlik və 4 nəfər üçün nəzərdə tutulan 300 manatlıq prezident otağı var. Bu qiymətə səhər yeməyi daxildir.

Masallıdakı 30 otaq və 5 ikimərtəbəli kottecdən ibarət olan “Dəştvənd” otelində 2 nəfərlik otaq 50 manatdır. Əgər bu otaqda 1 nəfər qalacaqsa, 40 manat ödəməlidir. 3 nəfərlik kottecin günlük qiyməti isə 160 manatdır. Burada qiymətə səhər yeməyi və hovuz xidməti daxildir.

Qubada da təxminən oxşar qiymətdir. “Quba” mehmanxanasında 2 nəfərlik otaq 40, ailəvi kotteclər isə 80 manatdır. Məbləğə səhər yeməyi daxildir. Tennis və hovuzdan istifadə isə 5 manatdır.

Nəhayət son zamanlar turizim sahəsində sürətlə inkişaf edən Qəbələ rayonundakı otellərdən də qiyməti soruşduq. “Qafqaz Resort Hotel” soruşduğumuz otellərin içərisində ən bahalısı oldu. Burada standart otaqda bir nəfərlik 119, yarı super otaqlar iki nəfər üçün 159, super otaq iki nəfər üçün 179, 4 nəfərlik lüks otaq 900 və nəhayət 6 nəfərlik prezident otağı isə 1100 manatdır. Burada məbləğə səhər yeməyi ilə yanaşı fitnes zal, sauna və türk hamamından istifadə daxildir.

Payxaxt Bakının otellərində də qiymətlər olduqca yüksəkdir. Müştəri kimi ilk zəng vurduğumuz 5 ulduzlu “Ambassador” otel oldu. Burada bir sutka qalmaq üçün 2 nəfərlik otağın qiyməti 180 manatdır (hazırda endirim olduğundan -130 manat). Bu pula səhər yeməyi, idman zalı və internetdən istifadə daxildir.

61 otaq və 115 yerlik “Excelsior” oteldə qalmaq istəyən bir gündə 250 manatından keçməlidir. Əgər bu otelə iki nəfər getsə, məbləğ 100 manat da artır. Əvəzində isə səhər yeməyi, fitnes zal və internetlə təmin olunacaqsınız.

İçərişəhərdə yerləşən 5 ulduzlu 15 otaqlı “Meridian” otelində də qiymətlər od tutub yanır. Bir nəfərlik standart otaq 210, pol lüks otaq 240, lüks otaqlar isə 320 manatdır. Bu otaqlarda iki nəfər qalacaqsa, müvafiq olaraq 280, 320 və 360 manat verməlidir. Bu qiymətə də əksər otellərdə olduğu kimi, səhər yeməyi və pulsuz internet daxildir.

Bakı ilə müqayisə üçün qonşu Türkiyənin İstanbul şəhərində 3, 4 və 5 ulduzlu otellərin qiymətləri ilə maraqlandıq. İstanbulun mədəni mərkəzi sayılan Sultanəhməd meydanı yaxınlığında 3 ulduzlu otelin bir gecəliyi səhər yeməyi də daxil olmaqla 40 manatdır. Daha bir məhşur yerdə, Taksim meydanı yanındakı 4 ulduzlu oteldə də qiymətlər Bakı ilə müqayisədə cox fərqlidir. Burada bütün rahatlığı olan otaqda bir gecə qalmaq, səhər yeməyi və fitnes, sauna, buğ vannası, cakuzi və hovuzdan istifadə etmək 60 manata başa gəlir.

Topkapıda fəaliyyət göstərən 5 ulduzlu, otağında cakuziyə qədər hər bir şey nəzərdə tutulan, uşaq baxıcısı, hava limanına pulsuz taksi fəaliyyətinə kimi olan otelin bir günü 100 manatdır. Daha gündə 3 dəfə yeməyini, müxtəlif cür əyləncələri demirik.

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da Azərbaycanda otel və istirahət mərkəzlərində həm qiymət bahalığı, həm də xidmət səviyyəsinin aşağı olması ilə razılaşır. Millət vəkili otel qiymətlərinin baha olmasını onların az olması ilə əlaqələndirir. Onun sözlərinə görə, istər Bakıda, istərsə də rayonlarda otellərin sayı çox deyil. “Azərbaycanda otellərin səviyyəsi o qədər də yuxarı deyil. Ən əsası qiymətlər həddindən artıq bahadır. Bu səbəbdən də insanlar xaricdə istirahət etməyə üstünlük verir. Turizim sahəsini inkişaf etdirmək üçün, ilk növbədə belə mərkəzlərin və obyektlərin sayını çoxaltmaq lazımdır. Nə qədər çox olsa, qiymətlərdə enmə də müşahidə olunar. Burada aidiyyati orqanlar tərəfindən müəyyən qədər nəzarət həyata keçirilməlidir. Bazar iqtisadiyyatı o demək deyil ki, kim nə qiymət istəsə qoya bilər. Monitorinqlər aparılmalıdır, cəmiyyətə məlumat verilməlidir və s”.

İqtisadçı ekspert Vüqar Bayramov da Azərbaycanın turizm sektorunda qiymətlərin baha olmasını təsdiqləyir: “Praktiki olaraq Azərbaycanda bu sahədə qiymətlər qonşu Gürcüstan və Türkiyə ilə müqayisədə xeyli bahadır. Bizim apardığımız tədqiqatlar göstərir ki, Gürcüstanla müqayisədə təxminən iki dəfə, Türkiyə ilə müqayisədə isə 60 faiz bahadır. Bu hal avtomatik olaraq Azərbaycan vətəndaşlarının turizim mövsümündə ölkə daxilindəki otel və istirahət mərkəzlərinə yox, məhz bu və başqa ölkələrə üz tutmasına səbəb olur. Qiymət bahalığı eyni zamanda xarici turistlərin də Azərbaycana gəlməsini əngəlləyir. Bu baxımdan qiymətlərin tənzimlənməsi olduqca vacibdir”.

Vüqar müəllim qiymət bahalığının qarşısının alınması yollarına da toxundu: “Bunun üçün ilk olaraq bu sahə üzrə biznesə kənar – qeyri-qanuni müdaxilələr aradan qaldırılmalıdır. İkinci məsələ, belə mərkəzlərdə süni qiymət artımına qarşı mübarizə gücləndirilməlidir. Ölkə prezidentinin 2005-ci ilin may tarixli fərmanına uyğun olaraq xidmətlərin, eləcə də əmtəə mallarının qiyməti ilə maya dəyəri arasında əlaqə olmalıdır. Eləcə də digər ölkələrdə, Mərkəzi və Şərqi Avropa, MDB ölkələrində olduğu kimi, müəyyən güzəştlər tətbiq etmək lazımdır. Bu gün problemlərdən biri də ondan ibarətdir ki, turizimlə məşğul olan obyektlərdə heç bir güzəşt tətbiq olunmur, onlar da digər müəssisələr kimi 18 faiz əlavə dəyər vergisi və eləcə də mənfəət vergisinə cəlb edilirlər. Amma yuxarıda qeyd etdiyimiz region ölkələrindəki təcrübədə görürük ki, orada güzəştlər tətbiq olunur. Misal üçün deyə bilərəm ki, Rumuniyada əlavə dəyər vergisi 16 faiz olduğu halda, turizimlə məşğul olan müəssisələr üçün bu rəqəm 7 faiz təşkil edir. Bu təcrübə digər ölkələrdə də tətbiq olunur. Bu, birbaşa ölkədə turizmin inkişafını stimullaşdırmaq məqsədi daşıyır, çünki şirkət nə qədər az vergi ödəyərsə, o qədər də az xərci olar. Buna görə də vergi xərclərinin azaldılması əsas məsələlərdən biri olmalıdır”.

Ölkə başçısının bu ilin fevral ayının 15-də imzaladığı sərəncama əsasən 2011-ci il Azərbaycanda “Turizim ili” elan edilib. Turizim sahəsinə daha çox diqqət tələb edən digər səbəb isə 2012-ci ildə beynəlxalq musiqi festivalı olan “Eurovision”un Azərbaycanda keçirilməsidir. Nəzərə alsaq ki, bu müsabiqədə Bakıya gələnlərin böyük əksəriyyəti Avropa ölkələrindən gələn gənclər olacaq, onda tam aydın olur ki, avropalılar buradan həm xidmət, həm keyfiyyət, həm də maddiyat baxımından razı getməlidirlər. Axı gənclərdə o qədər çox pul olmur və onlar ucuz mehmanxanalarda, otellərdə qalmaq istəyəcəklər. Azərbaycana bu müsabiqə ilə əlaqədar təqribən 50 min turistin gələcəyi gözlənilir. Əgər bu turistlər Bakını bəyənsə, görün necə gözəl PR olar. Necə deyərlər, bir gələn bir də gələr.

Bunun üçün isə ən böyük məsuliyyət Mədəniyyət və Turizim Nazirliyinin üzərinə düşür. İndi hamıya maraqlıdır bizdə keyfiyyət və xidməti qaldırmaq, xərcləri isə aşağı salmaq üçün hansı tədbirlər görülür? Nazirliyin Daxili Turizm şöbəsinin rəhbəri Mahir Qəhrəmanov bildirdi ki, “Eurovision”la əlaqədar hazırda Bakı şəhərində tikilən otellərin tikintisi tezləşdirilir. M.Qəhrəmanovun sözlərinə görə, hazırda Bakıda 11 minə yaxın yataq yeri var, 6-ya yaxın böyük otellərin tikintisi gedir və ilin sonuna bu otellərin tikintisi başa çatacaq:

“Mədəniyyət və Turizm Nazirliyinin əsas hədəfi Bakıda tikilməkdə olan otellərin işini sürətləndirməkdir. Məlum məsələdir ki, bir il ərzində 20-30 min yataq yeri olan böyük infrastrukturun tikilməsi mümkün deyil. Ona görə də ilk növbədə çalışacağıq ki, otellərin tikintisini sürətləndirəcək. Mütəxəssislərin araşdırmasına görə, əgər bu layihə baş tutsa, 15 minə qədər yataq yeri olacaq. Fikrimizcə, mövcud olan real potensialdan istifadə etməliyik. Evlərini kirayə verən insanlar da var ki, onlarla bu mövzuda danışacağıq. Həmin adamları tapıb bir yerə cəlb etmək və elan vermək lazımdır. Bu kimi mövcud olan digər potensiallardan da istifadə etmək fikrindəyik. 6 böyük oteldən başqa, Bakıda çoxsaylı kiçik həcmli otellər tikilir. Həm qiymət, həm də keyfiyyət baxımından seçim müxtəlifliyi lazımdır, bundan sonra bazar özü hər şeyi tənzimləyəcək”.

“Eurovision” müsabiqəsi öncəsi qiymətlərin aşağı düşməyəcəyi qənaətində olan M.Qəhrəmanov, əksinə həmin ərəfədən qiymətlərin qalxacağını güman edir: “Müsabiqə zamanı tələbat artacaq. Bütün dünyada belədir. Bizim hədəfimiz odur ki, yerlərin sayı daha çox olsun və təklif olunan qiymətə uyğun da keyfiyyət olsun”.

Görünür, hələ Azərbaycanda otel qiymətlərində ucuzluqdan danışmaq tezdir…