Azərbaycanda təmiz bal qıtlığı var. Bu gün paytaxt sakinləri nəinki təmiz balın qıt olmasından, həmçinin balın digər ölkələrlə nisbətdə olduqca baha olmasından şikayətçidirlər.

Arıçılığın qədim peşələrdən olan Astara rayonunun arıçıları son illər geniş təbii imkanlara malik olan rayonda bu sahənin gerilədiyini bildirirlər. Arıçılar əsas problemin maddi vəsait çatışmazlığı olduğunu deyirlər. Və bu problemin həlli üçün dövlətdən yardım gözləyirlər.

Astarada Arıçılıq Assosiasiyası 2009-cu ildə yaradılsa da, qurumun sədri Arif Nəzirov açıqlamasında bildirdi ki, rayon arıçıları bu sahənin inkişaf etdirilməsi üçün dövlətin himayədarlığını, güzəştli kreditlərin verilməsini istəyirlər.

“Biz bununla bağlı Sahibkarlığa Kömək Milli Fonduna da müraciət etmişik, amma hələlik kredit, yardım ala bilməmişik. Arı ailələrinin artırılması, damazlıq arıların yetişdirilməsi üçün təsərrüfatlar yaranıb, amma dövlət dəstəyinə ehtiyacımız var”, deyə A. Nəzirov qeyd edib.

Arıçının sözlərinə görə, ildə 3 dəfə bal sərgisinin keçirilməsi onlar üçün əlverişlidir. Fiziki qüvvələrinin kifayət qədər olduğunu qeyd edən assosiasiya sədri Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyinin xətti ilə subsidiya və aşağı faiz ilə uzunmüddətli kredit almaq üçün banklara müraciət etdiklərini deyir. Amma Nəzirovun sözlərinə görə, bunun müqabilində onlara tələb edilən şərtləri yerinə yetirmək üçün imkanlarının olmadığı deyilib.

“Bankdan kredit götürmək üçün girov tələb edilir. Amma bizim girov qoymağa imkanımız yoxdur. Arıçılar da kənd yerində yaşayan insanlardır. Bizdən isə girovu şəhərdə istəyirlər, bu da mümkün deyil. Bizim girov qoymaq üçün şəhərlərdə evlərimiz yoxdur”, deyə A. Nəzirov qeyd edib.

Arıçılığa lazım olan bütün ləvazimatları da yüksək qiymətlərlə əldə etməli olduqlarını deyən Astara Arçılıq Assosiasiyasının sədri dövlət tərəfindən sahibkarlara ayrılan maddi vəsaiti almaq üçün şəxsən SKMF-nin sədri Şirzad Abdullayevə məktubla müraciət etdiyini bildirdi: “Mən şəxsən məktubla Şirzad Abdullayevə müraicət etdim, o isə məni rayonun banklarına yönəltdi. Onlar da dedilər ki, şəhərdə evin olsa, girov qoya bilərsən. Buna isə heç bir arıçının imkanı yoxdur”.

Məsələ ilə bağlı İqtisadi İnkişaf Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin İctimai qurumlarla əlaqələr şöbəsinin müdiri Abbas Əliyev bildirdi ki, ümumilikdə son 3 ildə arıçılıqla məşğul olan 34 sahibkara 326,5 min manat həcmində vəsait verilib. Layihələr əsasən ənənəvi arıçılıqla məşğul olan rayonlardan daxil olub. Bu kredit əsasən Yardımlı, Şamaxı, Şirvan, İsmayıllı, Lerik zonalarına təqdim edilib. Bununla da, 50-dən artıq iş yerləri açılıb. Bunlar əsasən arıçılıq fəaliyyəti göstərən sahibkarlıq subyektləridir.

Astara sahibkarlarının kredit ala bilməməsinə gəlincə isə Abbas Əliyev bildirdi ki, əgər kimsə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün kredit ala bilməyibsə, deməli həmin şəxslərin təklifləri sərfəli və münasib olmayıb: “Arıçılıqla bağlı sahibkarlıq subyektlərinin layihələri daxil olduğu halda SKMF həmin layihələri güzəştli qaydada maliyyələşdirməyə hazırdır”.

Nazirliyin İctimai qurumlarla əlaqələr şöbəsinin müdiri əlavə olaraq qeyd etdi ki, nazirlik Sahibkarlığa Kömək Milli Fonduna daxil olan müraciətlərə baxmağa və sahibkarlara güzəştli kreditlər ayırmağa hər zaman hazırdır. SKMF-dən istifadə qaydaları, kredit verilmə qaydaları həm nazirliyin saytında, həm də fondun saytında yerləşdirilib.

“Orada səkkiz kredit təşkilatının rekvizitləri yerləşdirilib. Sahibkarlar həmin 8 kredit təşkilatı vasitəsi ilə fonda müraciət edib, kredit vəsaitlərindən yararlana bilərlər”, deyə A. Əliyev vurğuladı.

İqtisad elmləri doktoru, professor Zahid Məmmədov isə hesab edir ki, arıçılıq, bal dünyada ən gəlirli sahədir. Z. Məmmədovun sözlərinə görə, Bakıda bal dükanının açılması və bütün regionlardan bura bal gətirilərək satılması da məqsədəuyğun olardı.

Azərbaycan balının dünya bazarına çıxarılmasına gəlibcə, Zahid Məmmədov hesab edir ki, bu gün belə iş üçün marka lazımdır.

“Bu isə olduqca çətin məsələdir, pul qazanmaq asandır, amma adı qazanmaq çox çətindir. Buna hətta bir ömür gedir. Elə ticarət markaları var ki, patent götürüb o markanın adı ilə dünya bazarlarına çıxmaq mümkündür. Lakin bunun üçün külli miqdarda vəsait lazımdır. Bir ad- brend isə milyard dollardan da baha başa gəlir. Bununla bərabər bütün dünyada bal Azərbaycandan olduqca ucuzdur”, deyə iqtisadçı əlavə etdi.

Bu sahənin Azərbaycanda ilk elmlər doktoru olduğunu deyən Azərbaycan Ekologiya Standartlarının monitorinq fondunun prezidenti, professor Rauf Sultanov isə balın qiymətinin baha olmasını belə izah etdi: “Bir arı ailəsi bir uçuşda 30-35 ml qr bal toplamaq üçün yüzlərlə, minlərlə gülə, çiçəyə qonur. Arı özü 100 ml qramdır, bir uçuşda isə 35 ml qram bal verir, yəni çəkisinin 35 faizi qədər. Arı yığdığı nektarını bala çevirməsi üçün 3 proses gedir. Bütün bu prosesləri, eləcə də arıçıların zəhmətini nəzərə alanda dünya bazarında təmiz xalis balın qiyməti 10-15 manata gəlib çıxır. Arıçıların 5-10 manata satdıqları bal isə saxta baldır. Təmiz balın qiyməti isə 20-25 manat olmalıdır”.

Professor hesab edir ki, Azərbaycanda arıçılıq sahəsinin inkişaf etdirilməsi və yüksək məhsul əldə edilməsi üçün hər bir şərait var. Yaxşı arıçı olsa, hətta təbii şərait belə imkan vermədiyi halda 20-25 kq bal götürmək mümkündür: “Bu il qeyri-müvafiq hava şəraiti səbəbindən Azərbaycanda hər arı ailəsindən 5-6 kq bal götürülür. Amma normal şəraitdə 30-35 kq-a kimi məhsul götürmək mümkündür”.

Bu gün Azərbaycan bazarında xalis bal tapmağın çətin olması iddialarına münasibət bildirən Rauf Sultanov bildirdi ki, Kənd Təsərrüfatı Nazirliyində balın tərkibini ayrımaq, çeşidləmək üçün müəyyən laboratoriyalar mövcuddur, amma orada belə bir mütəxəssislərin olması haqda dəqiq məlumata malik deyil:

“Çətin ki, respublikada belə bir mütəxəssis olsun. Bizə arı məhsullarının əksəriyyəti Türkiyə və İrandan gətirilir. İrandan gələn bal elə respublikamızın səviyyəsindədir, Türkiyədə isə arıçılıq dünya səviyyəsində demək olar ki, birincilər sırsındadır. Türkiyə balı Almaniyada, Avropada çox yüksək qiymətə alınır. Onlar balın keyfiyyətinə, arıçlığın inkişaf etdirilməsinə nəzarət edirlər. Orada yaxşı arıçılar, mütəxəssislər var. Bizdə isə bir arıçının belə sertifikatı yoxdur”.

“Cənubi Qafqaz ölkələrindən Gürcüstan və Ermənistanda arıçılıq institutu var. Onların hər birinin rayonlarda təcrübə təsərrüfatları var. Orada 30-40-a yaxın alim işləyir. Bizdə isə nə institut, nə də şöbə, nə də bir zavod var. Bu sahənin inkişafı üçün böyük sərmayə yatırmaq lazımdır. Keyfiyyətli arı ailəsi yetişdirmək lazmıdır ki, çoxlu yumurta qoysun, ailəsunin inkişafını təmin etsin. Bütün bunlarla mütəxəssislər məşğul olmalıdır. Bizdə isə bu yoxdur”, – deyə Azərbaycan Ekologiya Standartlarının monitorinq fondunun prezidenti, professor Rauf Sultanov əlavə etdi.

Sonda onu bildirək ki, ölkəmizdə istənilən sahənin inkişafı üçün münbit şərait var. Amma hansı sahənin inkişaf etməməsini araşdırsaq, müxtəlif bəhanələr gətirilir. Bəlkə də səbəb elə tənbəlliyimizdir?