“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.

Türk oğlu, azər oğlu. 

 

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun misilsiz əfsanəvi şücaətinə
İgidlikdə, cəsarətdə sənin tək,
Gərək olmur öz xalqına hər oğlu.
Bu gün millət sənin ilə öyünür,
Ey vətənin, ey yurdunun nər oğlu.

Qisas üçün öz əhdində dayandın,
Bir örnəkdi hər bir kəsə bu andın.
Ölümünlə ölməzliyi qazandın,
Yaşa sən ey türk oğlu, azər oğlu.

Görməmişdi yağı belə tamaşa,
Döyüş etdin düşmən ilə başbaşa.
Hələ yenə səsləyəcək savaşa,
Vətən sən tək neçə-neçə ər oğlu.

Vətən adlı bir zirvədə qarsan sən,
Milyon qəlbə doğmasan sən, yarsan sən.
Nə qədər ki, bu dünya var varsan sən,
Unudarmı millət hünərvər oğlu.

Yol açmısan zəfərlərə çatmağa,
Qarabağa bayrağımı saçmağa.
Qoymayacaq qanınızı batmağa,
Baş komandan ər İlham, Heydər oğlu.