Bakıda bəyi toyu günü bıçaqlayan qıza hökm oxunub. Qanlı hadisə 2010-cu il noyabrın 2-də Bakının Nizami rayonunda, B.Nuriyev küçəsində baş verib. Toyuna bir neçə saat qalmış Vüsal Abbasov döş qəfəsindən aldığı bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya daxil olub. Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsinin keçirdiyi əməliyyat zamanı Çinarə Məmmədova tutularaq istintaqa verilib.Sonradan məlum olub ki, bıçaqlanan bəylə Çinarə arasında 3 il əvvəldən sevgi münasibətləri olub. Həmin vaxt Vüsal qızın bakirəliyini pozub. Sonra isə Vüsal Abbasov sevgilisinə mesaj yazaraq onu sevmədiyini və başqa qızla evlənəcəyini deyib. Toydan əvvəl isə qıza dəvətnamə göndərərək toyuna dəvət edib. Çinarə isə toy günü ona zəng edərək görüşmək istədiyini, ona hədiyyəsinin olacağını bildirib. Oğlan bərbərxanada olduğunu deyərək ora gəlməsini bildirib. Çinarə də həmin yerə anası ilə gedib və orada Vüsala iki bıçaq zərəbəsi vurub.

Bəy ağır vəziyyətdə xəstəxanaya aparıldığından, şadlıq sarayına gəlin tək gəlib. Gəlinə və toy iştirakçılarına bəyin qəflətən kor bağırsağında kəskin ağrılar tutduğundan, əməliyyat olunduğunu deyiblər. Toy vaxtı polis əməkdaşlarının şadlıq sarayına gələrək bəyin əmisi və əmisi oğlunu bölməyə dəvət etmələrindən sonra isə məsələnin əsl mahiyyəti üzə çıxıb.

Cinayət işinin istintaqı yekunlaşdıqdan sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmədə ifadə verən zərərçəkmiş Vüsal Abbasov qızı bağışladığını bildirib. Məhkəmənin hökmü ilə Çinarə Məmmədovaya şərti cəza təyin edilərək məhkəmə zalından azadlığa buraxılıb.